IQNA

İslamda Novruz Bayramı

22:15 - March 28, 2022
Xəbər sayı: 3491977
Novruz insanların fitrətindən qaynaqlanan, insanları bir-birinə sevdirən, barış yaradan, sülhə dəvət edən, sevindirən, sevinc yaşadan bir bayramdır.

Novruz insanların fitrətindən qaynaqlanan, insanları bir-birinə sevdirən, barış yaradan, sülhə dəvət edən, sevindirən, sevinc yaşadan bir bayramdır. Həm də İlahi nişanələr ilə zəngin və insanı qüdrətli təbiəti yaradan daha üstün bir qüdrət sahibinə yönəldən bir bayramdır. Buna görə də məsum imamlarımız bu bayramı keçirməyə heç bir qadağa qoymayıb və keçirilməsini bəyəniblər.

Amma...

Novruz bayramı barədə dini ədəbiyyatımızda nəql edilən hədislər barədə bir neçə məqamı diqqətinizə çatdırmaq istəyirik:

1). Novruz bayramında baş verən dini hadisələri və bu bayramın fəziləti ilə bağlı namaz, qüsl və digər şeyləri tövsiyə edən Müəlla ibn Xünəysin hədisi qədim mənbələrdə (hicri-qəməri tarixi ilə 6-cı əsrədək ki, mənbələrdə) yoxdur. Hicri-qəməri tarixi ilə 8-ci əsrdən sonranın alimləri İbn Fəhəd Hilli (757-841 hq), Kəfəmi (840-905 hq), İbn Əbi Cümhur Ehsayi (840-901 hq) və Səfəvilər dövrünün iki böyük alimi Şeyx Hürr Amuli və Əllamə Məclisi bu hədisi Şeyx Tusinin (vf. 460 hq) "əl-Misbah" kitabına istinadla nəql etsələr də sənədlərini kamil göstərməyiblər.

Hər halda, yuxarıda göstərilən mənbələr də əhəmiyyətli mənbələr və böyük alimlər tərəfindən qələmə alınmış kitablar olduğu üçün Müəllanın hədisində tövsiyə edilən əməlləri savaba ümid hədəfi ilə yerinə yetirməyin heç bir problemi yoxdur və həm də bayramın mənəvi ab-havasını və sevincini çoxaldır.   

2). İmam Əliyə (ə) nisbət verilən hədisdən (hər gün novruz edin) belə anlaşılır ki, İmamın (ə) yaşadığı dövrdə bu bayram Ərəblər arasında elə də geniş yayılmamışdı və tanınmırdı. Buna görə də hədiyyənin imam üçün (ə) gətirildiyi gün cəmiyyətdə bahryam ab-havası olmadığı üçün İmam Əli (ə) iranlı müsəlmanların gətirdiyi bu hədiyyənin hansı münasibətlə olduğunu soruşur. Daha sonra isə Novruz adətlərində hədiyyə vermək kimi mühüm bir əməlin olmasına xüsusi işarə edərək Novruzun yaxşı bayram olduğunu təsdiqləyir.

وَ أُتِيَ عَلِيٌّ ع بِهَدِيَّةِ النَّيْرُوزِ فَقَالَ ع مَا هَذَا قَالُوا يَا أَمِيرَ الْمُؤْمِنِينَ الْيَوْمُ النَّيْرُوزُ فَقَالَ ع اصْنَعُوا لَنَا كُلَّ يَوْمٍ نَيْرُوزا

 (Şeyx Səduq, "Mən La Yəhzuruhul-Fəqih", c.3, s.300, hədis: 4073 və 4078).

3). İmam Musa Kazimin (ə) Abbasi Xəlifəsi tərəfindən siyasi maraq üçün təşkil edilmiş Novruz bayramı mərasiminə mənfi münasibət bildirməsi isə bu məsələyə daha da aydınlıq gətirir. Bu mənaya ki, əgər Novruz bayramı şahların məclisi kimi içki, rəqqasə və digər haram işlərlə yanaşı olarsa, belə bir mərasimdə iştirak etmək haramdır. (İbn Şəhr Aşub, "Mənaqibu Ali Əbi Talib (ə), c.4, s.318).

4). Başqa bir hədisdə isə İmam Sadiq (ə) müsəlman iranlı əkinçilərin işlədikləri əkin yerinin sahibinə Novruz bayramı münasibəti ilə hədiyyə verilməsində bir problem olmadığını deyir.

عَنْ إِبْرَاهِيمَ الْكَرْخِيِّ قَالَ‏ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنِ الرَّجُلِ يَكُونُ لَهُ الضَّيْعَةُ الْكَبِيرَةُ فَإِذَا كَانَ يَوْمُ الْمِهْرَجَانِ وَ النَّيْرُوزِ أَهْدَوْا إِلَيْهِ الشَّيْ‏ءَ لَيْسَ هُوَ عَلَيْهِمْ يَتَقَرَّبُونَ بِذَلِكَ الشَّيْ‏ءِ إِلَيْهِ فَقَالَ أَ لَيْسَ هُمْ مُصَلِّينَ‏ قُلْتُ بَلَى قَالَ فَلْيَقْبَلْ هَدِيَّتَهُمْ وَ لْيُكَافِهِمْ.

(Şeyx Kuleyni (vf. 329 hq), "əl-Kafi", c.5, s.141; Şeyx Səduq, "Mən La Yəhzuruhul-Fəqih", c.3, s.300, hədis: 4078).

Novruz bayramı barəsində beş-on hədisdən artıq məlumat olmasa da, ümumi belə bir nəticəyə gələ bilərik ki, NOVRUZ qəti olaraq İslami bir bayram adlandıra bilmərik. Amma İslam dininin gətirdiyi insani və mənəvi dəyərləri ehtiva etdiyi üçün dinin rəhbərləri (məsumlar) tərəfindən bəyənilib.

Son olaraq isə qeyd edim ki, İslam dini hər məsələdə yeni bir əmr ilə gəlməyib, həm də xalqların bəzi dini, milli və mənəvi dəyərlərini islah edərək saxlayıb və Novruz bayramı da bu insani, milli və mənəvi dəyərlərdən ən gözəlidir.

P.S: Qeyd etdiyimiz bu hədislər sənəd və mənbə baxımından Novruz bayramının tam İslami bir bayram olduğunu sübut etmək gücündə deyil. Sadəcə Novruz bayramında İslami dəyərlərin mövcudluğunu və İslami ruha uyğunluğu təsdiqləyir. Əlbəttə Novruz bayramını batil və haram sayan nadanların da bu bayramı İslamın qadağan etdiyini sübut etmək üçün heç bir əqli və nəqli dəlilləri yoxdur. Novruzun qədimdə sırf məscular (oda sitayiş edənlər) tərəfindən keçirilməsi belə gözəl bir bayramın haram edilməsinə heç vaxt dəlil sayılmayacaq.

captcha